İki günlük musiqi forumu – “Selector PRO” Bakıda
15.2.2017

“British Council” təşkilatı “ASAN” radio və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Selector PRO” adlı musiqi forumu təşkil edəcək.

“British Council Azərbaycan”dan bildirilib ki, Böyük Britaniyanın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərinin və mütəxəssislərinin bir arada toplandığı bu forum fevralın 23-də başlamaqla iki gün davam edəcək.

“YARAT” Müasir İncəsənət Mərkəzində baş tutacaq forumun proqramına radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, hər iki ölkənin musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.

“British Council” təşkilatı tərəfindən hazırlanan “Selector” radio-şousu hər həftə Londondan yayımlanır və 40-dan çox ölkədə 3 milyonadək radio dinləyicisini əhatə edir. Radio-şounun hər bir buraxılışında London şəhərində müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir və Azərbaycanın yerli radiolarında da yayımlanır. “Selector PRO” həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. “Selector PRO” tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir.

Forumda hər kəs iştirak edə bilər.

azertag.az