“Kitab tutan əllər” adlı aksiya keçiriləcək
14.2.2017

Fevralın 14-də “Park Bulvar”da “Kitab tutan əllər” adlı aksiya təşkil olunacaq. 14 fevral - Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunacaq aksiya F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Kitabxanadan bildirilib ki, mərasim Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun ifasında “Kitab tutan əllər” adlı fleşmob rəqsi ilə açılacaq.

Tədbirdə uşaqların sevimli yazarları Aygün Bünyadzadə, Elvira Məmmədova, Gülzar İbrahimova, Reyhan Yusifqızı və digərləri iştirak edəcəklər. Aksiya çərçivəsində digər nəşriyyatların iştirakı da nəzərdə tutulub. Layihənin əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etməkdir.

Aksiya zamanı balaca kitabsevənlərə həm uşaq yazarlarının imzalı kitabları, həm də kitabxana tərəfindən bir sıra kitablar hədiyyə olunacaq.

azertag.az