Kürdəmirdə sənaye məhsullarının istehsalı artıb
13.2.2017

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər Kürdəmir rayonunda nəinki kənd təsərrüfatının, habelə sənayenin inkişafına güclü təkan verib.

Rayon icra hakimiyyətinə istinadən xəbər verilir ki, keçən il ümumi məhsul buraxılışında sənayenin çəkisi 21,4 faiz təşkil edib. Ümumiyyətlə, sənaye müəssisələri tərəfindən 70,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildəkindən 8,5 faiz çoxdur.

Rayonda fəaliyyət göstərən və sutkalıq istehsal gücü 50 ton olan Süd Emalı Zavodunda hazırda 13 çeşiddə heyvandarlıq məhsulları istehsal edilir. 2010-cu ildə təsis olunan “Azbiyan” MMC Yaponiyanın “Cokey Systems Co.LTD” şirkəti ilə şərikli fəaliyyət göstərir və zavodda ildə orta hesabla 114 ton xüsusi farmokoloji əhəmiyyəti olan biyan duzu emal olunur. Kürdəmirdə, həmçinin “Aveta” MMC-nin sutkalıq istehsal gücü 500 ton olan un zavodu və digər sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da istehsal gücünü ildən-ilə artırır.

Hazırda rayonda sənaye məhsulları istehsalında özəl sektorun çəkisi 92,3 faizdir.

azertag.az