Mehdiabad-Digah-Məmmədli avtomobil yolu yenidən qurulur
13.2.2017

Uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb. Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Bundan başqa, bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və karbonat materialı tökülərək kipləşdirmə işləri aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Yenidənqurma işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, yol 3 yaşayış məntəqəsindən keçməklə 22 min nəfər əhalinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Onların şəhər mərkəzinə, Hava limanı və digər Bakı qəsəbələrinə doğru çıxışını asanlaşdıracaq.

trend.az