Musiqili Teatr Fəcr Festivalında tamaşaçıların xahişi ilə iki dəfə çıxış edib
18.1.2017

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatr festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib. Anşlaqla keçən tamaşa dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu festival iştirakçıları və təbrizli tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. “Ər və arvad”ın ifaçılarını uzun müddət sürəkli alqışlara qərq etməklə sevgilərini ifadə edən tamaşaçılar onları dəfələrlə səhnəyə dəvət ediblər. Məhz bu böyük sevginin nəticəsi olaraq təbrizli tamaşaçıların xahişi ilə istisna olaraq “Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub. Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz sakininin böyük coşqusuna səbəb olub.

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur. Təbrizdə böyük ruh yüksəkliyi və uğurla göstərilən tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

azertag.az