Ötən il təşkil edilən peşə kurslarına 500 nəfərə yaxın əlil cəlb olunub
18.1.2017

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması yolu ilə əmək bazarına çıxış imkanlarına yiyələnməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işlərini davam etdirir.

Bunu nazir Səlim Müslümov yanvarın 18-də kollegiya iclasında bildirib.

S.Müslümov dedi: “Ötən il təşkil edilən bu kurslara ümumilikdə 3 702 nəfər şəxs (o cümlədən məşğulluq orqanlarının xətti ilə 3 352 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 350 nəfər) cəlb edilib ki, onlardan 500 nəfərə yaxını əlilliyi olan şəxslər olub”.

Nazir əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılmasının “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əksini tapan prioritetlər sırasında olduğunu qeyd edib: “Bu baxımdan nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün son illərdə aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı, Naxçıvan, Göyçay şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir, Gəncə şəhərində də belə bir mərkəz istifadəyə veriləcək. Bu sistemin gələcəkdə regional şəbəkəsinin daha da genişləndirilməsi diqqətdə saxlanacaq”.

azertag.az