Bakı-Zabrat-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir
18.1.2017

Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin istiqamətində 29.2 km uzunluğunda dəmir yolu təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Nərimanov-Bakı sərnişin mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Xatırladaq ki, Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 5, 5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

trend.az