Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursu start götürüb
17.1.2017

Yanvarın 17-də Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qitələrarası hakimlik kursu start götürüb.

Bədii gimnastika üzrə təşkil edilən kurslar yanvarın 21-dək davam edəcək.

Tədbirin açılışında çıxış edən FIG-in birinci vitse-prezidenti Slava Korn kurs iştirakçılarını salamlayaraq, Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsini təqdim etdikdən sonra quruma tədbirin hazırlığına görə xüsusi minnətdarlığını ifadə edib: “Bu seminar status baxımından bütün Olimpiya mərhələsini əhatə edir. Yaxın 3 gündə hakimlər öz biliklərini nümayiş etdirməyə çalışmalıdırlar”.

İştirakçılara yeni nailiyyətlər arzusu ilə çıxışına başlayan AGF-nin baş katibi Fərid Qayıbov kursların uğurla keçəcəyinə və nəticələnəcəyinə əmin olduğunu diqqətə çatdırıb. İştirakçıların say tərkibi təsdiq edildikdən sonra kurslara başlanılıb.

Qeyd edək ki, FIG beynəlxalq hakimlik kursunu hər Olimpiya mərhələsində bir dəfə təşkil edir. Sözügedən kurslar ən yüksək dərəcəli hakimlərin yetişdirilməsinə imkan yaradır və onlara status verir.

azertag.az