Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib
16.1.2017

Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpaolunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ünvanlayıblar.

Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

azertag.az