Xaçmazdan respublika fənn olimpiadalarının ilk mərhələsinə 255 şagird qatılıb
16.1.2017

Xaçmaz rayonundan respublika fənn olimpiadalarının birinci mərhələsinə 255 şagird qatılıb.

Bilik yarışı akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb-liseydə təşkil olunub.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.

Xaçmaz rayon Təhsil Şöbəsinin nümayəndəsi Azad Bədəlov bildirib ki, olimpiadaların təşkilindən əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, onlara öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaqdır.

Məktəblilərə sualları cavablandırmaq üçün tarix, coğrafiya və ana dili fənləri üçün 90, riyaziyyat, fizika, kimya, biologiya fənləri üçün 3 saat vaxt verilib. İnformatika fənnindən suallar onlayn təqdim olunub.

Birinci mərhələnin nəticələri yanvarın 25-dək elan olunacaq. Hər fənn və hər sinif üzrə azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird yarımfinal turuna vəsiqə qazanacaq.

azertag.az