Çayçılığın bərpası cənub zonasının iqtisadi inkişafını təmin edəcək
12.1.2017

Biz çayçılığı da bərpa edirik. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Bax, məqsəd bundan ibarətdir”.

azertag.az