Afaq Bəşirqızı Sumqayıt teatrının səhnəsində
12.1.2017

Xalq Artisti Afaq Bəşirqızı Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında tamaşada rol alacaq.

Bu barədə teatrın direktoru İslam Həsənov məlumat verib.

Bildirilib ki, Süleyman Ələsgərov və İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz” adlı məşhur musiqili komediyası bu dəfə Sumqayıt teatrının səhnəsində nümayiş etdiriləcək.

Tamaşa Sumqayıt teatrının xüsusi layihəsi əsasında səhnəyə qoyulacaq. Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən Afaq Bəşirqızı yenidən bu rolu canlandıracaq.

Qeyd edək ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrı sevimli aktrisa üçün doğma məkan sayılır. Belə ki, Xalq Artisti 1975-1989-cu illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

Yaxın günlərdə məşqlərinə start veriləcək tamaşanın quruluşçu rejissoru Əməkdar Artist, Sumqayıt teatrının baş rejissoru Firudin Məhərrəmovdur.

azertag.az