Kənd məktəbi üçün yeni bina tikilir
10.1.2017

Kürdəmirin Axtaçı-Qarabucaq kəndində tam orta məktəb üçün yeni bina inşa olunur.

Bina Təhsil Nazirliyinin sifarişi ilə “İnşaat Servis-X” MMC tərəfindən tikilir. 132 yerlik tədris ocağı ikimərtəbəli olacaq. Bina müasir arxitektura üslubunda inşa edilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılacaq.

Hazırda tədris korpusunun zirzəmi hissəsi tikilib, birinci mərtəbənin monolit dəmir-beton döşəməsi quraşdırılıb. İdman zalının kürsü hissəsində hörgü işləri tamamlanıb. Qazanxana və nasosxana binalarının tikintisi başa çatdırılıb, 10 kilovoltluq hava xətti çəkilib.

Tədris ocağı üçün yeni binanın bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

azertag.az