Bakıda əlilliyi olan insanlar üçün teatr yaradılıb
10.1.2017

Yanvarın 9-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Menegement Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb.

Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı insanlar üçün nəzərdə tutulub.

Təqdimatdan əvvəl layihənin rəhbəri Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov bildirib ki, təqdim olunacaq teatrın ilk səhnə əsəri ailə-məişət mövzusundadır. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunacaq tamaşa səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlib. T.Rəsulov söyləyib ki, gələcək treninqlər zamanı “Playback Theatre”, “İnvisible Theatre”, “Forum Theatre” və digər üslubların işlənməsi və müxtəlif ifadə vasitələrindən yararlanmaq da planlaşdırılır. Layihə üzrə nəzərdə tutulan bütün fəaliyyət istiqamətində yaradılacaq təşəbbüs qrupunun tam müstəqil formada tamaşa qurmaq bacarığına yiyələnməsi və bunu praktiki olaraq nümayiş etdirmələri daha da təkmilləşdiriləcək.

Vurğulanıb ki, teatrın yaradılmasında məqsəd əlilliyi olan insanları vahid sənət ocağı ətrafında birləşdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək, istedadlarının üzə çıxarılmasında dəstək olmaqdan ibarətdir.

Daha sonra tamaşa təqdim olunub. Xronometrajı bir saat olan tamaşada iştirak edənlər bir daha məharətlərini göstərərək maraqlı səhnəciklərlə çıxış ediblər.

Təqdimat böyük maraqla qarşılanıb.

azertag.az