Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qubalı tamaşaçıların görüşünə gəlib
15.7.2016

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qubalı tamaşaçıların görüşünə gəlib.

Teatrın kollektivi Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində “Xəcalət” tamaşasını təqdim edib. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

İkihissəli tamaşada rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və aktrisa Xədicə Novruzlu ifa ediblər.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında təsvir olunur. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Qubadakı təqdimat teatr kollektivinin bu mövsüm üçün sonuncu qastrol səfəridir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə iyulun 17-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

azertag.az