Boyun, sinə və əllərdəki qəhvəyi rəngli ləkələri yox edən maskalar
3.9.2015

Günəşin təsiri nəticəsində dəridə melanosit adlı hüceyrələrin sayı sürətlə artır. Bu da dəridə tünd rəngli ləkələrin yaranması ilə nəticələnir. Həmin ləkələr, əsasən, boyun, üz, sinə, əllərdə və kürəkdə müşahidə edilir. Ləkələrin səbəbi hər zaman günəş olmaya bilər. Çünki qaraciyər xəstəlikləri və yaşlılıq da dərinin ləkələnməsinə səbəb olur. Hamiləlik, vitamin çatışmazlığı, həddən artıq stress kimi bəzi faktorlar da dərinin ləkələrlə örtülməsinə gətirib çıxara bilər.

Qəhvəyi rəngli ləkələr sizi olduğunuzdan daha yaşlı göstərəcək. Odur ki, bu ləkələrdən xilas olmaq lazımdır.

Yaranma səbəbindən asılı olmayaraq, bütün qəhvəyi ləkələri yox edən maskaları təqdim edirik:

Limon maskası

Bir ədəd limonu dilimləyin. Həmin dilimlərlə ləkələrin olduğu bölgələri ovun. Bu prosesi 10 dəqiqə davam etdirin. Daha sonra soyuq su ilə yuyun.

Alternativ olaraq limon şirəsi ilə şəkər tozunu qarışdırıb ləkələrin üzərinə çəkin. 20 dəqiqə gözləyin. Maskanı ilıq su ilə təmizləyin.

Yaşıl çay maskası

Yaşıl çay antioksidantlarla zəngin olduğu üçün dərini bərpa edir. Gündə iki dəfə pambığı yaşıl çaya batırıb ləkəli bölgələri masaj edin. Su ilə təmizləməyə ehtiyac yoxdur.

Süd maskası

Sadə və ya şirin südlə ləkəli bölgələri masaj edin. 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin. Süd dəri ləkələrinin rəngini açacaq, hüceyrələri yeniləyəcək.

Publika.az