“Alibaba Group” şirkəti dünya “bulud” biznesinə 1 milyard dollar yatıracaq
31.7.2015

Çinin “Alibaba Group” şirkəti “bulud” texnologiyaları üzrə ixtisaslaşan “Aliyun” xidmətinə 1 milyard dollar yatırmaqla bağlı planlarını açıqlayıb. “Alibaba Group” həmçinin, ABŞ-ın “Amazon” şirkətini dünya “bulud” bazarı uğrunda mübarizəyə çağırıb.

Qeyd olunan investisiyalar Sinqapur, Yaponiya, Avropa və Yaxın Şərqdə yeni “Aliyun” məlumat mərkəzlərinin açılmasına yönəldiləcək. Bundan başqa, bu regionlarda telekommunikasiya operatorları və korporativ sifarişçilərlə sıx münasibətlərin qurulması da planlaşdırılır.

“Aliyun”un prezidenti Saymon Hunun sözlərinə görə, məqsədləri yaxın dörd ildə müştərilərin, texnologiyaların sayına və ya dünya biznesinin həcminə görə “Amazon” şirkətinə çatmaqdır. “Amazon”, “Microsoft” və digər şirkətlər ABŞ və Avropada “bulud” texnologiyalarını geniş tətbiq etməklə bizə bu sahədə mübarizəyə qoşulmaq üçün geniş imkanlar açır.

azertag.az