“Qrand” mükafatı qalibləri
25.4.2012

Bir neçə saat bundan əvvəl “V&V Company”nin təsis etdiyi “Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011”in təşkilat komitəsinin toplantılarından daha biri sona çatıb. İclasda şirkətin rəhbərlərindən biri Valeri İlişayev aprelin 26-da Heydər Əliyev Sarayında düzənlənəcək mərasimdə mükafat alacaq mədəniyyət və incəsənət xadimlərinin, eləcə də tanınmış estrada ulduzlarının 2011-ci ildə gördükləri işlərlə daha yaxından tanış olub. Təşkilat komitəsində təmsil olunan Azərbaycanın xalq artisti Aygün Kazımovanın prodüseri Tarix Əliyev (Tolik) bu dəfə 50-yə yaxın tanınmış simanın hansı nominasiyalarda “Qrand” alacaqlarını oxucularımız üçün təsdiqlədi: “Sənətçilərin fəxri mükafat əldə etmək istəkləri başadüşülən olsa da, bir daha söyləyirəm ki, burada hansısa tapşırıqdan söhbət gedə bilməz. Sırf bəzi söz-söhbətlərə son qoymaqdan ötrü bəzi nominasiyaların mətbuatda açıqlanmasını lazım bildik:

“İlin kişi müğənnisi”- Zamiq Huseynov

“İlin klipi”- Aygün Kazımova - Düşün məni"

“Teleaparıcılıqdan aktrisalığa uğurlu keçidə” görə - Kamilə Babayeva - “Aramızda qalsın” serialında Yeganə obrazına görə

“Azərbaycan musiqisinin xaricdə layiqli təmsilinə görə - etnik-caz üslubunda”
Sevda Ələkbərzadə

“İlin hit mahnısı” - Tünzalə Ağayeva - "Sənsiz", pop, blyuz janrında”

“Rusiya şou-biznesində atdığı uğurlu addımına gorə” - Murad Sadıx.

“Simfonik orkestrin müşayiəti ilə verdiyi konsertə görə” - Sevda Yahyayeva

“İlin media şirkəti” - “Day.Az” internet portalı.

“Qrand Müstəqil Milli-İctimai Mükafatı”na rəsmən Mədəniyyət və Turizm Nazirliyi dəstək verir. Təkrar olsa da, diqqətinizə çatdırmaq yerinə düşər ki, Azərbaycanın xalq artistləri İlhamə Quliyeva, Alim Qasımov (qızı əməkdar artist Fərqanə ilə birlikdə), Aygün Kazımova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, eləcə də “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı birinci etmiş Eldar Qasımovla Nigar Camal da “Qrand” alanlar sırasında olacaqlar. Başqa estrada ulduzları da yaradıcılıqlarındakı uğur və nailiyyətlərə görə mükafata layiq görüləcəklər. Tam siyahı bizə məlum olsa da, sürpriz olsun deyə nominantların adlarını bütünklüklə açıqlamırıq.

Qeyd edək ki, “Qrand-2011”in hər bir qalibi ənənəvi olaraq qırmızı xalı üzərindən keçib, Heydər Əliyev Sarayına daxil olacaq.

big.az