Mövsümün manikür dəbindən xəbərdar olun - Foto
17.4.2015

Hələ qədim yunan və Misir mədəniyyətlərində qadınlar dırnaqlarını bildikləri formada bəzəyirdilər. Bu gün də qadınların sevimli məşğuliyyətindən olan dırnağın bəzədilməsi xanımların əhval-ruhiyyəsini yüksəltmək, əllərin zərifliyini vurğulamaqla yanaşı, həm də geyimi və aksessuarları tamamlamaq üçün düşünülmüş əla variantdır. Baharın da gəlməsi ilə birlikdə dırnaqları rövnəqləndirmək üçün bir-birindən gözəl bəzəklər təklif olunur. Lakin fransız manikürü digər bəzəkləri kölgədə qoyur.

Bu mövsüm həmişə olduğu kimi açıq rənglər üstünlük təşkil edəcək. Xüsusən də iki müxtəlif rəngin birləşməsindən ibarət fransız manikürü çox aktualdır. Klassik fransız maniküründən fərqli olaraq dırnaq uclarında qırmızı və ya qara kimi rənglər təklif olunur. Mat və parlaqlığın dırnaqda birləşməsi də çox aktualdır.

Əgər barmaqlarınız qısadırsa və siz dördkünc dırnaq formasını sevirsinizsə, o zaman heç düşünmədən fransız manikürü ilə bu problemi aradan qaldıra bilərsiniz. Toppuş barmaqlı ələ sahib olan xanımlar dırnaqlarını oval şəkildə manikür etsələr, əlləri zərif görünəcək.

Uzun və incə barmaqlı xanımlar dördkünc-oval qarışıq dırnaq forması ilə əllərinə xüsusi görünüş verməklə, mövsümün mükəmməl obrazını tamamlayacaqlar.

Əgər dırnaqlarınız qırılırsa və yaxud formasında problem varsa, o zaman siz taxma dırnaqlardan istifadə edə bilərsiniz. Dəb diktatorları taxma dırnaqları qəbul etməsələr də, özəl günlər üçün bunlar hələ də keçərlidir. Lakin bu il həm də qısa dırnaqlar dəbdə olduğu üçün sadəlik gözəllikdir deyib, təbii dırnaqlarınızı paltarınıza uyğun tonlarda bəzəyə bilərsiniz.

Xatırladaq ki, bu il nanə yaşılı, açıq çəhrayı, mavi, sarı, metal, bej və həmişə dəbdə olan ağ-qara rənglər də göz oxşayacaq.

Publika.az