Dünya ölkələrinin ən prestijli pasportları - REYTİNQ
17.4.2015

Amerikanın ən nüfuzlu nəşrlərindən olan “The Wasington Post” qəzeti dünya ölkələrinin “pasport”larının “gücü”nü hesablayıb. Bunun üçün məqalə müəllifi Anna Svenson “Arton Capital” məsləhət şirkətinin hesabatından istifadə edib.

Tərtib edilən siyahıda Azərbaycan pasportu öz “gücünə” görə dünyada 57-cidir. Bu hesabatda əsas meyar kimi vətəndaşların müxtəlif ölkələrə vizasız və ya vizanı rahat əldə edərək getmə imkanı götürülüb.

Qonşularımızdan Rusiya 35-ci, Türkiyə 29-cu, Gürcüstan - 59-cu, Ermənistan 62-ci, İran isə 70-cidir.

Müəllif qeyd edir ki, viza tələbi beynəlxalq prosedur olmaqla yanaşı, beynəlxalq aləmdəki münasibətlərin göstəricisi kimi də maraq kəsb edir. Bir çox dövlətlər əcnəbilərdən ölkəyə ayaq basmazdan qabaq, viza əldə etməsini tələb edir. Amma ölkədən-ölkəyə bu tələb fərqli ola bilər.

Müttəfiq münasibətdə olan ölkələr bir-birilərinin vətəndaşına qısa müddətdə və sadələşdirilmiş rejimdə viza təqdim edir. Soyuq münasibətləri olan ölkələrin vətəndaşları isə bir-birinə ziyarət etmək üçün gəlişinin səbəbini, səfər etdikləri ölkə vətəndaşından aldıqları dəvət məktbunu və hətta bəzən bitirdikləri orta məktəb barədə informasiyanı təqdim etməli olurlar. Bütün bunlara yanaşı, sənədlərə və viza üçün böyük rüsum da ödəmək lazım gəlir.

“Artron Capital” şirkəti dünya ölkələrinin pasportlarını indeksləşdirərək reytinq cədvəli tərtib edib. Daha çox ölkə ilə vizasız, yaxud sadələşdirilmiş viza rejimi olan ölkələrin pasportu bu zaman “ən güclü”lər, xarici dövlətlərin çoxu ilə sərtləşdirilmiş viza rejimi olan ölkələrin pasportu isə aşağı pillələrdə yer alır.

“Arton Capital” şirkətinin tərtib etdiyi siyahıya ABŞ və Böyük Britaniya pasportları başçılıq edir. Bu ölkələrin vətəndaşları öz pasportları ilə 147 ölkəyə vizasız, yaxud sadələşdirilmiş viza ilə gedə bilər. Onların ardınca gələn Fransa, Cənubi Koreya və Almaniya vətəndaşları isə öz pasportları ilə 145 dünya ölkəsini problemsiz ziyarət edə bilər.

Növbəti pillələrdə İsveç, İtaliya, Danimarka, Sinqapur, Finlyandiya, Yaponiya, Lüksmeburq və Hollandiya gəlir.

Honq-Konq 11-ci, Argentina və İsrail 16-cı, Braziliya 17-ci, Meksika isə 22-ci “ən güclü” pasporta malik ölkələrdir.

Yalnız 20 ölkəyə səfər etməyə imkan verdiyi üçün Solomon Adaları, San Tome və Prinsipi Adaları, Cənubi Sudan, Myanma və Fələstin Muxtariyyətinin pasportları sonuncu – 80-ci pillədə qərarlaşıblar.

Oxu.az