Həm maus, həm kompüter
27.1.2015

Polşadan istehsalçılar komandası Mouse-Box adlı qeyri-adi qurğu təqdim edib.

Mouse-Box qurğusu görünüşcə adi kompüter mausundan fərqlənmir, ancaq cihazın daxilində kompüterin elektron içliyi mövcuddur.

Sistem blokunu tamamilə əvəz edə bilən qurğu 1,4 GHz takt tezlikli dördnüvəli Cortex prosessoru, 128 Gb tutumunda daxili yaddaş, Wi-Fi, akselerometr, giroskop və 2 ədəd USB 3.0 konnektoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu açıqlanmayıb. Bulud saxlancına qoşulmaqla daxili yaddaşın tutumunu artırmaq olar.
Mouse-Box qurğusunu işlətmək üçün onu HDMI kabelin köməyi ilə monitora qoşmaq lazımdır.

Qurğunun yaradıcıları əmindirlər ki, qeyri-adi maus evdə yerə qənaət edənlər üçün gərəkli olacaq, həmçinin bu qurğunun köməyi ilə təqdimat keçirmək mümkündür. Hazırda istehsalçılar komandası öz qurğusunu bazara çıxarmaq üçün investor axtarır.

Milli.Az