Dağıstanda namaz qılmaq üçün “ağıllı canamaz” ixtira edilib
22.8.2014

Dağıstan biznes akseleratorlarının rezidentləri namaz qılmaq üçün “ağıllı canamaz” ixtira ediblər. Akseleratorun saytında təqdimat yerləşdirilib. Sənəddə bildirilir ki, canamaz rükətlərin sayını itirməmək və bütün hərəkətləri düzgün etmək üçün ötürücülərlə təchiz edilib.

“Dindar namazında səhv buraxdıqda sensorlar, dua etməyə maneə törətməyən vibrasiyalı siqnallar verir”, — deyə startapçılar öz icadlarını belə xarakterizə edirlər.

Onlar məhsulun pilot buraxılışını və testləşdirməsini təmin etmək məqsədi ilə yarım milyon rubl sərmayə cəlb etmək fikrindədirlər.

Dua etmək üçün “ağıllı canamaz”ı ixtira edənlər artıq öz məhsullarını Rusiyada patentləşdiriblər və yaxın zamanda beynəlxalq patent əldə etmək niyyətindədirlər.

Onlar hesab edirlər ki, qurğuya böyük tələbat olacaq. Çünki dünya üzrə 1,6 milyard müsəlman yaşayır.

Lent.az