Dünyanı fəth edən zinət əşyaları - FOTO
16.4.2014

Moskvada Hindistan və Avropanın öndəgedən zərgərlərinin 300-ə yaxın əl işinin sərgiləndiyi "Hindistan. Dünyanı fəth edən zinət əşyaları" ekspozisiyası açılıb.

Kreml Muzeyinin 2 sərgi salonunda Viktoriya və Albert, Britaniya muzeyi və Milli Portret qalereyasından (London), Barbye-Müller muzeyindən (Ceneva), Əl-Sabah mərkəzindən (Küveyt), Xəlili mərkəzindən (London), ABŞ muzeylərindən və məşhur zərgərlik evlərinin xüsusi kolleksiyalarından nadir nümunələr sərgilənir.

Ziyarətçilərin monqol imperatorlarına məxsus təraşlı zümrüdləri, Böyük Moğol sülalələrinə məxsus 28 karatlıq nadir brilyantı, qiymətli zinət qutuları, broşlar, qəlyanlar və hind mədəniyyətinə aid digər əşyaları görmək imkanı var. Sərgi üçün xüsusi olaraq, Cartier, Chaumet və Van Cleef & Arpels zərgərlik evləri arxiv nümunələrini təqdim ediblər.

Sərgi dünəndən - aprelin 12-dən ziyarətçilərin üzünə açıqdır. Qiymətli əşyaların Kremldə nümayişi 4 ay müddətində nəzərdə tutulub. Zinət əşyalarının əsas hissəsi iyulun 27-dək, bir hissəsi isə avqustun 25-dək muzeydə olacaq.

























ANS PRESS