Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə elan edib
21.6.2019

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.

Bununla əlaqədar olaraq nazirliyin müvafiq əmri ilə müsabiqə komissiyası yaradılıb. Komissiya Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə VI müsabiqəni elan edib.

Nazirlikdən bildirilib ki, elektron ərizələrin qəbulu bu gündən başlayaraq iyulun 1-dək aparılacaq. Müsabiqənin ikinci mərhələsinə (müsahibə mərhələsi) iyulun 5-də start veriləcək.

Qeyd edək ki, pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilib. Həmin məlumatları qeyd olunan linkə daxil olmaqla əldə etmək mümkündür: https://bit.ly/2XxhNVj



azertag.az