Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün növbəti sınaq imtahanına qeydiyyat yekunlaşır
22.6.2018

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

DİM-dən bildiriblər ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə iyunun 23-də keçiriləcək. İmtahan saat 10.00-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak üçün online qeydiyyat iyunun 23-də saat 9.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.


azertag.az