Kimyavi təmizləmə xidmətindən istifadə zamanı diqqətli olmaq lazımdır
19.3.2018

Hər birimiz zaman-zaman kimyəvi təmizləmə məntəqələrinin xidmətlərindən istifadə edirik. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərin təhlili göstərir ki, bu sahədə də müəyyən xoşagəlməz hallar olur. Belə ki, bəzən təmizləməyə verdiyiniz paltarın tanınmaz hala düşdüyü, ləkənin aradan qaldırılmadığı və s. hallarla rastlaşırıq. Belə olduqda nə etməli və istehlakçı hüquqlarımızın müdafiəsi üçün hansı addımları atmalıyıq?

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildiriblər ki, qanunvericiliyə görə sifarişlərin qəbul edildiyi xidmət obyektlərində istehlakçı üçün rahat və görünən yerdə yerləşdirilməklə göstərilən əsas və əlavə xidmətlərin siyahısı, təklif olunan xidmətlərin qiymətləri, xidmət göstərilməsində istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələri, icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatlar verilməlidir. Xidmət göstərilməsi üçün sifariş müqavilə ilə, habelə nəqd pul hesablaşmaları aparılan zaman çek, qəbz və digər ciddi hesabat blankları tərtib edilməklə rəsmiləşdirilir.

Göstərilən xidmət və icraçı haqqında istehlakçıya düzgün olmayan məlumatların verilməsi istehlakçının sağlamlığına və ya əmlakına ziyan vurulması ilə nəticələnərsə, istehlakçı müqaviləni pozmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə daha yüksək məsuliyyət nəzərdə tutulmamışdırsa, ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edə bilər.

İstehlakçı olaraq hər kəs bu xidmətlərdən istifadə edərkən ilk öncə əşyanın kimyəvi təmizləmə məntəqəsinə verilməsi zamanı bəzi məsələlərə diqqət etməlidir. Belə ki, təmizləmək üçün verdiyiniz paltarı nəzərdən keçirərək qəbul edən məntəqə işçisi qanunvericiliyə görə sizi bütün mümkün olan neqativ nəticələr barəsində xəbərdar etməlidir. Paltardakı xırda zədələrin böyüyə bilməsi, yaxud mövcud ləkənin təmizlənməsinin mümkün olmaması əvvəlcədən istehlakçının nəzərinə çatdırılmalıdır. Əgər bu kimi xəbərdarlıqlar edilmədən paltar qəbul edilib, sonradan problem yaranarsa məntəqə məsuliyyət daşıyır.

Əgər bu xəbərdarlıqları dinləyəndən sonra paltarınızı kimyəvi təmizləmə məntəqəsinə etibar etmək qərarına gəlsəniz bütün məlumatların qəbzdə qeyd olunmasına diqqət edin. Qəbz müəssisə ilə bağladığınız müqaviləni əvəz edir. Nəzərə alın ki, müqavilədə icraçının hüquqi ünvanı, sifarişçinin adı və soyadı, telefon nömrəsi, sifarişin qəbul olunması tarixi, yerinə yetirməsi müddəti və avans məbləği, xidmətin qarşılıqlı razılaşdırılmış dəyəri, tərəflərin məsuliyyəti, sifarişçinin və qəbul edənin imzaları, tərəflərin razılığı ilə digər məlumatlar göstərilməlidir. Həmin məlumatlarla diqqətlə tanış olandan sonra müqaviləni imzalayın. Bəzi hallarda icraçı qəbul etdiyi sifarişə aid müqavilə tərtib etmir və yaxud tərtib etdiyi müqavilədə tələb olunan məlumatlar tam əks olunmur. Belə halda istehlakçının pozulmuş hüquqlarının müdafiəsi və kimyəvi təmizləmə məntəqəsinin günahını sübut etmək xeyli çətinləşir.

Bilin ki, kimyəvi təmizləmədən sonra paltarınızda ləkə qalıbsa və ya əşyanız öz əmtəə görkəmini itiribsə müəssisə rəhbərinə müraciət edərək onun yenidən təmizlənməsini, yaxud maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququnuz var. Bu tələblər yerinə yetirilmiş sifarişin qəbulu zamanı və ya zəmanət müddətində, icra olunmuş sifarişin qəbul edildiyi tarixdən qanunvericiliklə müəyyən edilmiş müddətdə və sifarişin icrası zamanı çatışmazlıqlar aşkarlandıqda irəli sürülə bilər.

Kimyəvi təmizləmə xidmətindən istifadə etdikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin və yaxud onu əvəz edən sənədlərin verilməsini icraçıdan tələb edin. Bu ona görə vacibdir ki, yaranan mübahisəni yerində həll etmək mümkün olmadıqda aidiyyəti üzrə dövlət qurumlarına və məhkəməyə müraciət edərək hüquqlarınızın bərpasına nail olasınız.

azertag.az