Azərbaycanda meşələrin aerokosmik monitorinqi keçiriləcək
16.1.2018

Azərbaycanda meşələrin aerokosmik monitorinqi keçiriləcək. Bu barədə AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutundan bildirilib.

Belə ki, institut və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyaların köməyi ilə meşələrin aerokosmik monitorinqi məqsədilə Niyyət Protokolu imzalanıb.

Protokola əsasən, məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi istiqamətində işlər həyata keçiriləcək.

Protokolu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.

trend.az