Bakıda rus rəssamlarının əsərləri sərgilənib
15.1.2018

Yanvarın 13-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda görkəmli rus rəssamları İvan Verişaqinin və İvan Şişkinin xatirəsinə həsr edilmiş rəsm sərgisi açılıb.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan sərgidə ölkəmizdə yaşayan rus fırça ustalarının əsərləri nümayiş olunub.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən söz açıb.

F.Xəlilov söyləyib ki, ölkəmizdə yaşayan ruslar hər zaman mədəniyyət və incəsənət sahəsində yüksək xidmətlər göstərib. Vurğulanıb ki, tolerant və multikultural dəyərlərə üstünlük verən Azərbaycan milliyyətindən asılı olmayaraq ölkəmizdə həyatın bütün sahələrində əməyi keçən sənət adamlarını yüksək dəyərləndirib.

Sərgidə nümayiş edilən əsərlərin məna və məzmun baxımından dolğunluğuna diqqət çəkən Xalq Rəssamı məlumat verib ki, sərginin ekspozisiyasında 12 fırça ustasının 50-dək sənət əsəri yer alıb.

Bütün qonaqları Yeni il münasibətilə təbrik edən F. Xəlilov rəhbəri olduğu qurumda ilin ilk sərgisinin məhz görkəmli rus rəssamlarının xatirəsinə həsr edilməsindən məmnunluğunu ifadə edib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin deyib ki, Rusiyanın iki məşhur rəssamının xatirəsinə açılan sərginin köhnə Yeni il ərəfəsində keçirilməsi təqdirəlayiqdir. O, belə sərgilərin davamlı olmasını arzulayıb.

“Azərbaycan xalqı əsrlərdir Rusiyaya dost münasibət bəsləyir. Rus və Azərbaycan xalqlarını əzəldən mədəni və mənəvi bağlar birləşdirir. Belə sərgilərin keçirilməsi xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirir”,- deyə M.Zabelin vurğulayıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata tədbir iştirakçılarını köhnə Yeni il münasibətilə təbrik edib. Azərbaycanda istedadlı insanların çox olduğunu, onların arasında rusların da yer aldığını söyləyib.

“Şişkinin əsərlərində Rusiyanın təbiəti necə möhtəşəm təsvir olunubsa, Vereşaqin əsərlərində də ölkənin hərbi qüdrəti böyük ustalıqla yaradılıb. Bu baxımdan Azərbaycan da gözəl təbiəti, qədim tarixi olan bir ölkə kimi hər zaman fırça ustalarının diqqət mərkəzində olub. Sözsüz ki, burada yaşayan digər xalqların istedadlı nümayəndələri bunlardan bəhrələnərək gözəl əsərlər yaradıb. Bugünkü sərgidə təqdim edilən əsərlərdə də bütün bunlar aydın şəkildə əksini tapıb”, - deyə Aleksandr Ata bildirib.

Sonra Azərbaycanda rus icması tərəfindən bir neçə rəssama diplom və hədiyyələr təqdim olunub.

azertag.az