"Neftçi"nin Antalya toplanışındakı rəqibləri müəyyənləşib
15.12.2017

"Neftçi” futbol komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Klubun rəsmi saytına istinadən verilən məlumata görə, bu gündən istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər.

Əsasən, fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdəki "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. "Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Flaqman yanvarın 22-də Rusiyanın "OİK-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışında yanvarın 30-da nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

report.az