İnstruktor Elşən Bəxtiyarov: “Şamaxıdakı “Safari Park”a zubr gətiriləcək”
18.10.2017

Şamaxı rayonundakı “Safari Park”ın instruktoru Elşən Bəxtiyarovun müsahibəsi
- “Safari Park” tam olaraq əhalinin istifadəsinə verilibmi? Parka giriş ödənişlidir?
- Parkda mövsümlə bağlı artıq son tamamlama işləri aparılır. Yaxın günlərdə “Safari Park” tam olaraq yerli əhali və turistlərin istifadəsinə veriləcək. Təbii ki, parkın ərazisində turlar təşkil olunacaq və bu turlar ödənişli əsaslarla həyata keçiriləcək. Ümumiyyətlə, “Safari Park” ekoturizmin bir növü olaraq dünyada geniş yayılıb. İlk bu cür park isə Afrikada yaradılıb. Safari sözü səyahət, gəzinti mənasını verir.
- “Safari Park”ın işçi heyəti tam formalaşıbmı? İşçilər üçün əsas tələb nədir?
- “Safari park”ın işçi heyəti tam formalaşdırılıb. İşçi heyətini formalaşdırmaq üçün bir müddət əvvəl “Safari Park”ın rəhbərliyi tərəfindən vakansiya elan olunmuşdu. İşləmək üçün müraciət edənlər arasında tələblərə uyğun olanlar seçilərək işə cəlb olunublar. İşə götürülərkən yerli sakinlərə daha çox üstünlük verilib. İşçilərdən tələblər təbiət haqqında bilgilərinin olmaları, yerli hava şəraiti, ərazinin relyefini öyrənib mənimsəməkdir. Bundan başqa, işçilər ünsiyyətcil olmalı, turların təşkili zamanı park və heyvanlar haqqında turistlərə məlumat verməli, turistlərin və heyvanların təhlükəsizliyini qorumalıdırlar.

report.az