Masallıda yazıçı-publisistlə görüş
16.8.2017

Masallı Rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Ələşrəf Niftiyevlə görüş keçirilib.

Tədbirdə rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyevanın yazıçının ömür yolu və bədii yaradıcılığı barədə məruzəsi dinlənilib.

Qeyd olunub ki, tanınmış ziyalı, yazıçı-publisist, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.

Kitabxananın direktoru Əlhəddin Nəzərov çıxışında Ə.Niftiyevin əməyinə dövlətimiz tərəfindən layiqincə qiymət verildiyini vurğulayaraq onun müxtəlif orden və medallara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Ə.Niftiyev təqaüdə çıxdıqdan sonra da bədii yaradıcılığını davam etdirir, onun bir-birindən maraqlı 7 kitabı nəşr olunub.

Görüşdə çıxış edən yazıçı-publisist Ə.Niftiyev əməyinə verilən yüksək qiymətə, diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Görüşdə Ə.Niftiyev rayonun ictimai-siyasi həyatında fəallıq göstərdiyinə və 60 illik yubileyi ilə əlaqədar rayon mərkəzi kitabxanasının direktoru Ə.Nəzərova rayon ağsaqqallar şurasının fəxri fərmanını təqdim edib.

azertag.az