Qəbələdə 16 min 263 yeni iş yeri açılıb
16.8.2017

Qəbələ rayonunda işsiz əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu ilin əvvəlindən bəri Qəbələ rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçən 970 nəfərdən 395-i münasib işlə təmin edilib, 20 nəfərə işsizlik statusu verilib, 23 işsiz vətəndaşa isə müavinət təyin olunub.

Bu şəxslər əsasən –rayon mənzil istismar və kommunal müəssisələr kombinatında (108 nəfər), Qəbələ Təmir Tikinti Şirkəti MMS-də (110 nəfər), Ağsu Regional Qaz İstismarı İdarəsinin Qəbələ şöbəsində (25 nəfər), 6 saylı Texnoloji Nəqliyyat Departamentində (10 nəfər), “Azərişıq” ASC-nin Qəbələdəki Şimal-Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsində (7 nəfər), Qəbələ Beynəlxalq Hava Limanında (20 nəfər) işlə təmin edilib. Qeyri məşğul əhalidən 20 nəfər işaxtaran qadın “Xalçaçılıq” peşə hazırlığı kursuna cəlb edilib, onlardan 9 nəfəri işlə təmin olunub.

“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” ölkə başçısının müvafiq Sərəncamının icrası ilə əlaqədar Qəbələ rayonunda müvafiq işlər davam etdirilir. Bu il ərzində Qəbələ rayonundan 3-ü xidmət, 13-ü kənd təsərrüfatı sahəsi olmaqla 16 nəfər özünüməşğulluq proqramının iştirakçısı öz bizneslərinə başlamaları üçün tələb olunan aktivlərlə təmin olunublar.

Həmin vətəndaşlardan 8 nəfəri ətlik heyvandarlıqla, 4 nəfəri südlük heyvandarlıqla, 1 nəfəri arıçılıqla, 1 nəfəri kiçik qəlyanaltı sahəsində, 1 nəfəri kompüter təmiri, çap və poliqrafiya sahəsində, 1 nəfəri isə avtomobil təmiri sahəsində fəaliyyət göstərir.

Özünüməşğulluq proqramının iştirakçılarından 7 nəfərə buzovlarla birlikdə 27 baş iri buynuzlu heyvan, 5 nəfərə 122 baş xırdabuynuzlu heyvan, 1 nəfərə kompüter və çap avadanlığı, 1 nəfərə 15 arı ailəsi, 1 nəfərə avtomobil təmiri üçün alətlər, 1 nəfərə isə qəlyanaltı üçün tələb olunan avadanlıqlar verilib.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində Qəbələ rayonunda 1198 yeni iş yeri açılıb ki, onların hamısı daimidir. 2003-cü ilin oktyabr ayından 2017-ci ilin avqustunadək rayonda 14.464-ü daimi olmaqla, 16.263 yeni iş yeri açılıb.

azertag.az