Azərbaycan məktəbliləri Bolqarıstanda “Sərhədsiz riyaziyyat” turnirində medallar qazanıblar
21.7.2017

Bolqarıstanın Nesebar şəhərində “Sərhədsiz riyaziyyat” adlı IV beynəlxalq turnir keçirilib.

Bolqarıstanın “Sərhədsiz Təhsil” Pedaqoji Assosiasiyası və Qazaxıstanın “İnnovasiya” Elmi-Tədris Mərkəzi tərəfindən təşkil olunan turnirdə 11 ölkədən 1200 şagird iştirak edib.

Yarışlardan əvvəl Nesebar şəhərinin meri Nikolay Dimitrov iştirakçıları təbrik edib. Həmçinin Bolqarıstan Respublikasının təhsil və elm naziri Krasimir Valçev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və Qazaxıstanın bu ölkədəki müvəqqəti işlər vəkili Termirtay İzbastin turnir təşkilatçıları və iştirakçılarına ünvanlandığı məktublar oxunub.

Səfir N.Qurbanovanın məktubunda Azərbaycan da daxil olmaqla iştirakçıların müxtəlif təhsil sistemləri, coğrafi məkanlardan kənara çıxaraq riyaziyyat sahəsində öz güclərini yoxlayacağı və bu sahədə öz biliklərini zənginləşdirəcəyi bildirilir. Həmçinin turnirdə Azərbaycanı müxtəlif yaş qruplarında təmsil edən 14 şagirdin öz bilik və potensialını nümayiş etdirəcəyinə əminlik ifadə olunur. Məktubda Azərbaycanda elmin sosial, iqtisadi və mədəni inkişafın əsas mənbəyi olduğu, ötən illərdə Azərbaycanın riyaziyyatın tətbiq olunduğu sahələrdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanır və 2015-ci ildə ölkədə 47-ci Beynəlxalq Kimya Olimpiadası və Dünya Şahmat Kubokunun, ötən il isə Dünya Şahmat Olimpiadasının keçirildiyi diqqətə çatdırılır.

Fərdi yarışların gedişində şagirdlərə 60 dəqiqə ərzində 20 riyazi suala cavab tapmaq, komanda yarışlarında isə üç nəfərdən ibarət olan qruplara 45 dəqiqə ərzində 5 məsələni həll etmək tapşırılıb. Turnirin ən uğurlu 15 iştirakçısı arasında Azərbaycandan Banu Rəsulzadə “Turnirin riyazi ulduzu” tituluna layiq görülüb. Turnirin inkişafına verdiyi töhfəyə görə 27 müəllimə planşetlər hədiyyə edilib. Azərbaycandan Şəhla Əliyeva da həmin müəllimlər sırasındadır.

Bakı Elitar Gimnaziyasının şagirdləri Banu Rəsulzadə (qızıl), Daniyar Əliyev (gümüş), Elmir Şərif (gümüş), Aylin Soltan (gümüş), Oğuz İsmayıl (gümüş), Fikri Əlizadə (gümüş və bürünc), Kərim Əliyev (bürünc), Züleyxa Cəfərzadə (bürünc) və Avropa Liseyinin şagirdi Oğuz İsayev (qızıl) medalçılar sırasında yer alıblar.


azertag.az