Gənc azərbaycanlı rəssam Mədinə Səfərlinin əsərləri Türkiyədə sərgilənəcək
20.6.2017

İyunun 22-də İstanbulun “Niş art Gallery” sərgi salonunda gənc azərbaycanlı rəssam Mədinə Səfərlinin ilk fərdi yaradıcılıq sərgisi açılacaq.

“Həyatın gözüylə” adlı sərgidə 21 yaşlı rəssam ilk dəfə 20 əsərini izləyicilərə təqdim edəcək.

Sərginin məqsədi geniş kütləni gənc rəssamın sürrealist üslubda işlənmiş əsərləri ilə yaxından tanış etməkdir. Mədinə Səfərli ziyarətçiləri sürrealizm fəlsəfəsi aləminə qərq edərək, hər kəsin fərdi həyat təcrübəsini bir rəssamın gözüylə həyata olan baxışları süzgəcindən keçirməsi üçün sürrealist bir səyahətə dəvət edir.

İyulun 2-dək davam edəcək sərgidə 20 əsər bir seyr obyekti olaraq deyil, gənc rəssamla izləyicilər arasında bir körpü rolunu oynayacaq.

Qeyd edək ki, M. Səfərli yaradıcılığa gənc yaşlarından başlayaraq valideynlərinin ona mane olmaq istəyinə rəğmən incəsənətə olan böyük sevgisiylə bu keşməkeşli yolda çox uzun məsafə qət edə bilib. Yaradıcılığında əsasən, onun ilkin ilham mənbəyi olan dahi rəssam, sürrealizm cərəyanın banisi Salvador Dalidən təsirlənib. O, Almaniyada yaşayan türk rəssamı İsmayıl Çobandan dərs aldıqdan sonra müxtəlif sərgilərdə fəal olaraq iştirak etməyə başlayıb.

İlk dəfə, 2015-ci ildə Dubayda “Art Hub” qalereyada keçirilən “Sənin düşüncələrin” rəsm sərgisində Azərbaycanı təmsil edərək iştirak sertifikatına layiq görülüb. Eyni ildə, Almaniyanın Berlin-Bakı qalereyasının keçirdiyi “Almaniya Azərbaycan rəssamlarının gözüylə” sərgisində iştirakına görə diplomla təltif olunub.

M.Səfərli bir gənc rəssam olaraq Azərbaycan incəsənətinin dünyada tanıdılması məqsədilə müxtəlif beynəlxalq tədbir və sərgilərdə yaxından iştirak edib. Bu səbəbdəndir ki, onun ilk fərdi sərgisi Azərbaycanla eyni mənəvi dəyərləri bölüşən, həmçinin şərqlə qərb arasındakı körpü rolunu oynayan qonşu Türkiyədə keçirilir.

M.Səfərli 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

azertag.az