Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək
20.6.2017

İyunun 24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.

Səhnə əsərində Kral obrazını həmvətənimiz Timur Əsgərov canlandıracaq. Balet “Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş etdiriləcək.

Tamaşanın premyerası 2015-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.


azertag.az