“YARAT Friends” platformasının növbəti tədbiri baş tutub
24.5.2017

“YARAT Friends” platformasının növbəti tədbiri “Illy caffè” italyan şirkəti ilə birgə təşkil olunub.

“YARAT Friends” platformasının üzvləri rəssamlarla birgə interaktiv tədbir keçiriblər. Tədbir xüsusilə qəhvə həvəskarları üçün əsl bayrama çevrilib. Peşəkarlar tərəfindən keçirilən ustad dərsində iştirakçılara qəhvənin evdə dəmlənmə sirləri açıqlanıb. Qəhvənin tarixi, yığılma qaydaları, istehsalı ətrafında müzakirələr aparılıb. Ən önəmlisi isə “Illy caffè” incəsənətə göstərdiyi daimi qayğısı, rəssamlara dəstəyi və onlarla işbirliyi, eyni zamanda, dünyanın bir neçə ölkəsində həyata keçirdiyi incəsənət qalereyaları barədə “YARAT Friends” platformasının üzvlərini və tədbirin qonaqlarını məlumatlandırıb.

Daha sonra “Illycaffè” şirkətinə məxsus müəllif kolleksiyaları üzrə müsabiqə keçirilib və qaliblər hədiyyələr qazanıb.

Xatırladaq ki, “YARAT Friends” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal platforma olub, məqsədi müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaq və bu sahədə həvəskarlardan ibarət icma yaratmaqdır. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün nəzərdə tutulan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi “İncəsənətlə səyahət” (Art Travel) proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir. “Friends of YARAT” icmasının üzvü olan hər kəs müasir incəsənət barədə biliklərini artırmaq, bu sahənin inkişafına öz töhfənizi vermək və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə edir.

azertag.az