Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla- şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qülləə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür maqik xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.
Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan vəya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün otutmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfəindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.
Aparılan kəşfiyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.
Tarixi mənbələrdə olduğu kimi, izahatlarda da dolaşıqlıq olmasına baxmayaraq həqiqəti gizlətmək mümkün deyildir. Qafqaz Albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr Alban tarixçisi Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində miladın 50-70-ci illərində baş verən hadisələri təhlilə ehtiyacı olan faktlarla təsvir edir. İsa peyğəmbərin sevimli şagirdlərindən olan Fatdey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarının əli ilə öldürülür. Fatdeyin şagirdi müqəddəs Yelisey müəlliminin müşayət etdiyi üçün bu qanlı cinayətin şahidi olur. Qüdsə qayıdıb baş verən hadisələri hamıya söyləyir. İsa peyğəmbərin qardaşı müqəddəs Yakovun(Yaqub) tövsiyyəsi ilə Yelisey müqəddəs ruh naminə müəllimi Fatdeyin missiyasını davam etdirməyə göndərilir. Müqəddəs Yelisey ermənilərin gözündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta, oradan da Dərbəndə gəlir. Sonra müqəddəs Yelisey Ağdaşın yaxınlığında yerləşən kiçik Surxarın qalasına, buradan da gəlib Kişə çıxır. Albaniya tarixini tədqiq edənlər onun Şəkinin şimalında yerləşən Kiş kəndi olduğunu təsdiq edirlər.
Vurğulamaq yerinə düşər ki, müqəddəs Yelisey Miladın 74-cü ilində öldürülmüşdür.